Telimciler.az saytı Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının qeyri-maddi aktividir. Sayt 2022-ci ilin yanvar ayından etibarən fəaliyyət göstərir.

Zənnimizcə, bu sahədə özünü peşəkar təlimçi vəzifəsində görmək istəyən şəxslərlə çalışaraq uğur qazana və işin perspektivlərini ortaya çıxara bilərik. Bildiyimiz kimi, Azərbaycanda bu sahədə kadr azlığı var, başqa sözlə desək, öz işində müvəffəq təlimçilər azlıq təşkil edir. Eyni zamanda, sözügedən təlimçilər çox az sayda tanınır və yaxud tanınmır.

Təlimçilərin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün müəyyən şəraitin olmaması buna başlıca səbəb sayılır. Hərçənd ki, biz, kadr azlığı situasiyasi ilə razılaşmırıq, çünki bilirik ki, bu sahədə kifayət qədər təlimçi ola bilər, lakin ilk növbədə, yuxarıda da qeyd olunduğu kimi, onların özünü doğrulda bilməsi üçün şərait olmalıdır.

Bizim də əsas məqsədimiz, bu kimi problemləri aradan qaldıraraq, peşəkar təlimçiləri birləşdirən platforma, təlimçilər, məsləhətçilər və şirkətlər arasında şəbəkələşmə, qarşılıqlı əlaqə və məlumat mübadiləsi üçün şərait yaratmaqdır. Əsasən, bu platforma müxtəlif sahələrə xidmət edən məsləhətçilər, biznes təlimçilər, mentorlar, kouçlar, peşə təlimçiləri və bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçündür.

Məsələn, əgər siz müəyyən sahə üzrə məsləhətçi axtarırsınızsa, çox asanlıqla platformamız vasitəsilə təlimçilər arasından sizə uyğun olan şəxslə əlaqə qura bilərsiniz. Hal-hazırda ölkəmizdə də klassik yanaşmalar üzrə təlim və məsləhət xidmətləri göstərilir, buna baxmayaraq, biz dördüncü sənaye dövründəyik, belə ki, qlobal istiləşmə, ekoloji tarazlığın pozulması, bunun dünyanın sosial, siyasi və iqtisadi sferalarına təsirini müşahidə edirik.

Bunlarla bərabər, dünyada yaşıl artım iqtisadi sistemləri təkmilləşdirilir və təsadüfi deyil ki, ölkəmizdə də bu sahənin inkişafına təşəbbüs göstərilir, bu səbəbdən, dövrün təlimçiləri, kouçları, mentorları və məsləhətçiləri yuxarıda qeyd edilən çağırışlara cavab verməlidirlər.